Telefon: +99412 440-04-29 daxili 154
Ümumi məlumat

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanası (RETK) ən böyük elmi-sahəvi kitabxanalardan biri olmaqla yanaşı, ənənəvi kitab təbliği və kitabxana-biblioqrafiya xidmətindən əlavə müəllif şəhadətnamələri və patent ədəbiyyatı, normativ-texniki sənədlər, xarici ölkələrin jurnalları və digər ədəbiyyatı özündə əks etdirən elmi-tədqiqat işi və metodik fəaliyyətlə məşğul olan, respublikanın nazirlik, şirkət, idarə və müəssisələri, elmi-tədqiqat və layihə institutlarına, eləcə də elm və texnika sahəsində tədqiqat aparan ayrı-ayrı şəxslərə, ali məktəb tələbələrinə məlumat-biblioqrafiya və kitabxana xidməti göstərən respublika mərkəzi hesab olunur.

RETK-nın fondunda ictimai-siyasi ədəbiyyat, elmi- texniki, sorğu materialları, dövri və davamlı nəşrlər, təcrübə-konstruktor işləri, tərcümələr, sənaye kataloqları, normativ-texniki sənədlər, ixtiralar, ixtiraçılıq-patent hüquqları haqqında ədəbiyyat, patentlər, mətbuatda dərc olunmayan ədəbiyyatlar qorunub saxlanır. Onu da qeyd edək ki, Azərbaycanın neft və qaz hasilatı sənayesi sahəsinə aid olan qədim ədəbiyyatlar da fondda xüsusi saxlanılır.

1920-ci ilin mayında Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra neft sənayesi həmişəlik milliləşdirildi və Azneftkom yaradıldı. Azneftkomun texniki şöbəsində kiçik bir məlumat kitabxanası da yaradılmışdır Bu kitabxana haqqında ilk məlumat “Azərbaycan neft təsərrüfatı” jurnalında verilmişdir. Kitabxana 1920-ci ilə qədər Bakıda fəaliyyət göstərən texniki cəmiyyətlərin kitabxana fondlarının bazası əsasında formalaşdırılmışdır. 1921-ci ildə kitabxananın fondunda 271 nüsxə kitab toplanmışdı ki, bu da o dövr üçün böyük rəqəm idi. Kitabxana “Azərneft”in fəhlə, qulluqçu və mühəndisləri ilə yanaşı, bütün texniki ali və orta məktəblərin tələbə və müəllim heyətinə də məlumat-biblioqrafiya və kitabxana xidmətləri göstərirdi.

Azneftin 22 sentyabr 1930-cu il tarixli 1446 saylı əmrinə əsasən, 1930-cu ildə “Neftçi” klubu kitabxanasının bazası əsasında ölkənin ilk elmi-texniki kitabxanası – Azneftin Mərkəzi Texniki Kitabxanası yaradıldı. 1957-ci il kitabxana üçün xüsusilə əlamətdar il olmuşdur. Azərbaycan SSR Nazirlər Sovetinin 1957-ci il 29 avqust 483 nömrəli qərarı ilə Azneftin Mərkəzi Texniki Kitabxanası Dövlət Elm və Texnika Komitəsinin nəzdində Respublika Elmi-Texniki Kitabxanasına çevrildi.

Kitabxanada aşağıdakı istiqamətlərdə fəal iş aparılırdı:

1. Kitabxana fondunun zənginləşdirilməsi - 93.941 ç.v. ədəbiyyat;

2. Oxucuların sayının artırılması- 4652 nəfər;

3. İnformasiya və məlumat –biblioqrafiya işinin başa çatdırılması;

4. Fond və kataloqların sistemləşdirilməsi işinin başa çatdırılması;

5. Texniki kitabxanalara köməklik məqsədilə aparılan işin gücləndirilməsi.

Kitabxananın qeydiyyatında 120 müəssisənin kitabxanasının olduğunəzərə alınmaqla kitabxananın işinin müasir dövrün tələblərinə uyğun qaydada yenidən qurulması vacib idi. Ümumiyyətlə, fəaliyyət göstərdiyi illər ərzində Respublika Elmi-Texniki kitabxanası müxtəlif inkişaf mərhələləri keçmiş, fondları zənginləşdirilmiş, kataloq və kartotekalar sistemi təkmilləşdirilmiş və başlıca funksiyası hesab olunan elmi-texniki informasiya təminatını yerinə yetirməyə çalışmışdır. Ötən əsrin 70-80-ci illərini RETK-nın fəaliyyət tarixində yüksək inkişaf mərhələsi hesab etmək olar. Həmin dövrdə Kitabxana Moskvadakı Ümumittifaq Elmi-tədqiqat Elmi-Texniki İnformasiya Kitabxanası, eləcə də Qazaxıstan, Özbəkistan, Estoniya, Latviya, Litva, Ukrayna və digər respublikaların Elmi-Texniki Kitabxanaları ilə sıx, işgüzar əlaqələr qurmuş, bu müəssisələrlə kitab mübadilələri aparmışdır.

Fəaliyyət dövründə tabeçiliyi bir neçə dəfə dəyişmişdir. RETK 1960-cı illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsinin nəzdində fəaliyyət göstərmiş, sonralar Azərbaycan Respublikası Dövlət Elm və Texnika Komitəsinin tabeçiliyinə verilmişdir.2002-ci ildən RETK Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin (2008-ci ildən Dövlət Komitəsi) nəzdində fəaliyyət göstərmişdir. Ötən əsrin 70-ci illərində RETK-nın bir sıra sənaye şəhərlərində filialları yaranmağa başlamışdır. O, cümlədən Naxçıvan Muxtar Respublikasında, Gəncədə, Xankəndində, Sumqayıtda filialları fəaliyyət göstərirdi. Sonralar məlum səbəblər üzündən (ölkənin müharibə şəraitində olması, maliyyə çətinliyi) Respublika Elmi-Texniki Kitabxanasının Stepanakert (Xankəndi), Əlibayramlı və Sumqayıt filialları bağlanmışdır. Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin Naxçıvan şəhərində filialı və həmin filialın tərkibində Naxçıvan Muxtar Respublikasının Elmi-Texniki Kitabxanasının yaradılmasını nəzərə alaraq, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin 16 yanvar 2004-cü il tarixli 006b saylı əmrinə uyğun olaraq Respublika Elmi-Texniki Kitabxanası müvafiq olaraq bütün fondu ilə birlikdə Naxçıvan şəhərindəki yeni yaradılmış Respublika Elmi-Texniki Kitabxanasına verildi. 1967-ci ildə yaradılmış Respublika Standartlar və Normativ-texniki sənədlər fondu, 1972-ci ildə əsası qoyulmuş Depozitar mühafizə fondu, 1968-ci ildə işlənib tətbiq edilən “Məlumatın seçilib paylanması” sistemi, 1972-ci ildən Vahid Respublika Məlumat- İnformasiya Fondu oxucuların tam ixtiyarına verilmişdi.

1972-ci ildən Respublika Elmi- Texniki Kitabxanası texniki ədəbiyyatın qorunub mühafizə edildiyi depozitariya hesab olunur. Depozitar-mühafizə və mübadilə fondlarına olan oxucu sifarişlərini müntəzəm yerinə yetirir. 1976-cı ildə RETK-də Elmi-tədqiqat işləri şöbəsi yaradılmışdır. Şöbənin əsas vəzifəsi avtomatlaşdırılmış kitabxana-biblioqrafiya proseslərinin tətbiqi sahəsində elmi- tədqiqat işi aparmaqdan ibarətdir. 1977-ci ildə RETK və respublikanın Elmi-Texniki kitabxanalar şəbəkəsi texnoloji proseslərinin idarə edilməsi üzrə kompleks regional avtomatlaşdırma sistemi işlənib hazırlanmışdır. 11 yarımsistemdən ibarət “Kitabxana-biblioqrafiya proseslərinin idarə edilməsi üzrə kompleks regional avtomatlaşdırması” sistemi respublikadakı elmi-texniki kitabxanalar şəbəkəsini tam əhatə edirdi.

1988-ci ildə RETK-nın fondu 17.700.000 çap nüsxəsi idi. Oxucuların sayı 19.000 nəfər idi. Ədəbiyyat verilişi – 4.116.000 çap nüsxəsi təşkil edirdi. Kitabxanada 148 nəfər işçi çalışırdı. Bunlardan 54 nəfəri ali ixtisas təhsilli, 32 nəfəri isə orta ixtisas təhsilli və 62 nəfər isə digər peşə sahibləri idi.

1993-cü ildə Respublika Elmi-Texniki Kitabxanası yeni yaranmış Azərbaycan Respublikası Dövlət Elm və Texnika Komitəsinin tabeçiliyinə keçirilmişdir. Azərbaycan Respublikasının Prezidentinin 2001-ci il 27 dekabr tarixli 623 №-li Fərmanı əsasında Azərbaycan Respublikası Dövlət Elm və Texnika Komitəsi ləğv edilmiş və həmin Fərmana əsasən Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi yaradılmışdır. Respublika Elmi-Texniki Kitabxanası da həmin qurumun tabeliyinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 19 noyabr tarixli 53 №-li Sərəncamına əsasən Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi ləğv edilərək əvəzində Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi təşkil edildi. Respublika Elmi-Texniki Kitabxanası da müvafiq olaraq, həmin dövrdən etibarən Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tabeliyinə verildi.

Azərbaycan Respublikası Prezidentinin “İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 20 aprel 2018-ci il tarixli, 5 nömrəli Sərəncamının 2-ci hissəsinə əsasən, Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi yaradılmışdır.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 30 iyul 2018-ci il tarixli 222 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Nizamnaməsi” təsdiq edilmiş, həmin Fərmanın 2.2-ci bəndinə uyğun olaraq, ləğv edilmiş Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanası Əqli Mülkiyyət Agentliyinin tabeliyinə verilmişdir.

Kitabxananın infrastrukturu və maddi-texniki bazası təkmilləşdirilmiş və gücləndirilmişdir, işçilərin sosial və iş şəraitlərinin yaxşılaşdırılması istiqamətlərində tədbirlər görülmüşdür. Kitabxananın tarixi və mədəni rolunu, fondlarının zənginliyinin unikallığını, milli dəyələrin qorunması və təbliği sahəsində əhəmiyyətini nəzərə alaraq, Nazirlər Kabinetinin 2019-cu il 28 dekabr tarixli 506 nömrəli əmri ilə ona “Respublika” statusu verilmişdir.

2019-cu il 28 dekabr tarixli 507 nömrəli əmri Kitabxana işçilərinin say həddi 100 nəfər müəyyən edilmişdir. Bu Qərara əsasən, Agentliyin İdarə Heyətininsədrinin 24.01.2020-ci il tarixli əmri iləyeniştat cədvəli təsdiq olunmuş və bir sıra struktur dəyişikliklər edilmişdir.

Say həddinin azaldılmasına baxmayaraq 2020-ci ildə fəaliyyət səmərəliliyinin artırılması və daha çevik idarəetmə modellərindən istifadə etmək sayəsində əhaliyə göstərilən xidmətlərin səviyyəsi yüksəldilmişdir.

Dövlət və qeyri-dövlət nəşriyyatları, nəşriyyat fəaliyyəti ilə məşğul olan poliqrafiya müəssisələri və digər hüquqi şəxslər (qəzet və jurnal redaksiyaları istisna olmaqla) tərəfindən buraxdıqları çap məhsullarının 2 pulsuz məcburi nüsxəsinin, müəyyən edilmiş kitabxanalara, o cümlədənAzərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasına göndərilməli olduğu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 sentyabr tarixli 418 nömrəli Qərarı ilə təsdiq edilmiş "Kitabxanaların çap məhsullarının pulsuz məcburi nüsxələri ilə təchizatı Qaydası”nda öz əksini tapmışdır.

Respublika Elmi–Texniki Kitabxanasında tarixi günlər münasibətilə müntəzəm olaraq sərgilər, tədbirlər keçirilir. Daim yeni kütləvi iş formaları tətbiq edilir. Respublika Elmi-Texniki Kitabxanası respublikanın böyük elmi-sahəvi kitabxanalarından biri olmaqla yanaşı ənənəvi kitab təbliği və kitabxana- biblioqrafiya xidmətlərindən əlavə müəllif şəhadətnamələri və patent ədəbiyyatı, normativ-texniki sənədlər, xarici ölkələrin jurnalları, dövrü və aralı davam edən nəşrləri, mətbuatda dərc etdirən, elmi-tədqiqat işi və metodik fəaliyyətlə məşğul olan böyük bir müəssisədir.

Müasir Azərbaycan dövlətçiliyinin memarı, ümummilli liderimiz Heydər Əliyevin respublikamıza rəhbərliyi dövründə mədəniyyətimizin çox mühüm sahəsi olan kitabxana işi dövlət qayğısı ilə əhatə edilmiş, bu sahə həmişə böyük öndərin diqqət mərkəzində olmuşdur. Məhz buna görədir ki, həmin illər respublikamızda kitabxana işinin tarixinə inkişaf və tərəqqi dövri kimi daxil olmuşdur. Sevindirici haldır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ulu öndərin layiqli davamçısı kimi kitabxanaçılığın inkişafı istiqamətində, onun həyata keçirdiyi böyük işləri bu gün də əzmlə davam etdirir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008- 2013-cü illərdə inkişafı üzrə “Dövlət Proqramı“nın təsdiq edilməsi barədə Sərəncamı, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası ölkədə kitabxanaların fəaliyyətinin yaxşılaşdırılmasında, elmi-mədəni sərvətlərdən hərtərəfli istifadə imkanlarının genişləndirilməsində, cəmiyyətin informasiya təminatının artırılmasında, eləcə də Azərbaycan kitabxanalarının dünya informasiya məkanına daxil olmasında əhəmiyyətli dərəcədə böyük rol oynadı. Respublika Elmi-Texniki Kitabxanasının kollektivi də Dövlət Proqramından irəli gələn vəzifə və öhdəliklərin yerinə yetirilməsi üçün vaxtlı-vaxtında tədbirlər təşkil edilmiş, oxuculara yüksək səviyyədə xidmət, informasiya sahəsində operativ və ardıcıl məlumatın verilməsi və s. sahələrində bir çox işlər görülmüş, elmi-texniki ədəbiyyatın təbliği məqsədi ilə bir sıra sərgilər keçirilmişdir.

TvinninqAggression of Armenia against AzerbaijanHerbi tecavuzstartup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×