Kitabxananın tarixi
1920- ci ilin mayında Sovet hakimiyyəti qurulduqdan sonra neft sənayesi həmişəlik milliləşdirildi və Azneftkom yaradıldı. Azneftkomun texniki şöbəsində kiçik bir məlumat kitabxanası var idi. Bu kitabxana haqqında ilk məlumat “Azərbaycan neft təsərrüfatı “ jurnalında verilmişdi. 1920-ci ilə qədər Bakıda fəaliyyət göstərən texniki cəmiyyətlərin kitabxana fondları bazası əsasında yaradılmışdı.1921-ci ildə kitabxananın fondunda 271 nüsxə kitab toplanmışdı ki, bu da o dövr üçün çox böyük rəqəm idi. Kitabxana “Azərneft” in fəhlə, qulluqçu və mühəndisləri ilə yanaşı bütün texniki ali və orta məktəblərin tələbə və müəllim heyətinə də məlumat- biblioqrafiya və kitabxana xidmətləri göstərirdi. Azneftin 22 sentyabr 1930-cu il tarixli 1446 saylı əmrinə əsasən 1930- cu ildə “Neftçi” klubu kitabxanasının bazası əsasında ölkənin ilk elmi- texniki kitabxanası – Azneftin Mərkəzi Texniki Kitabxanası yaradılmışdır. 1957-ci il 29 avqust 483 nömrəli qərarına əsasən bu kitabxana Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Elm və Texnika Komitəsinin nəzdində Respublika Elmi- Texniki kitabxanasına çevrildi. 1957-ci il kitabxana üçün xüsusilə əlamətdardır. Ümumiyyətlə kitabxana işinin aşağıdakı istiqamətlərində irəliləyiş hiss olunurdu. 1. Kitabxananın fondunun zənginləşməsi – 93.941 ç.v. ədəbiyyat 2. Oxucuların sayının artması- 4652 nəfər 3. İnformasiya və məlumat –biblioqrafiya işinin başa çatdırılması 4. Fond və kataloqların sistemləşdirilməsi işinin başa çatdırılması 5. Texniki kitabxanalara köməklik məqsədilə aparılan işin gücün gücləndirilməsi. Kitabxananın qeydiyyatında 120 müəssisə kitabxanası vardı. Bütün bunlar nəzərə alınaraq kitabxananın işini dövrün tələblərinə uyğun olaraq yenidən qurulması vacib idi. Fəaliyyət göstərdiyi illər ərzində Respublika Elmi- Texniki kitabxanası müxtəlif inkişaf mərhələləri keçmiş, fondlarını zənginləşdirmiş, kataloq və kartotekalar sistemini təkmilləşdirmiş və başlıca funksiyası hesap olunan elmi-texniki informasiya təminatını yerinə yetirməyi çalışmışdır.Bu dövr kəsiyi ərzində kitabxananın idarə tabeçiliyi dəfələrlə dəyişmişdir. Uzun müddət ərzində RETK Azərbaycan SSR Dövlət Plan Komitəsinin nəzdində fəaliyyət göstərmişdir. 70- 80-ci illəri RETK- nın inkişaf tarixində ən yüksək mərhələ hesab etmək düzgün olardı.Həmin vaxt artıq kitabxana Moskvadakı Ümumittifaq Elmi- tədqiqat Elmi- Texniki İnformasiya Kitabxanası, eləcə də Qazaxıstan, Özbəkistan, Estoniya, Latviya,Litva, Ukrayna və digər respublikaların Elmi- Texniki Kitabxanaları ilə sıx, işgüzar əlaqələr qurmuş, bu müəssisələrlə kitab mübadilələri aparırdı. 60- cı illərdə kitabxana Azərbaycan Dövlət Plan Komitəsinin nəzdində fəaliyyət göstərmişdir.Sonralar Azərbaycan Respublikası Dövlət Elm və Texnika Komitəsinin tabeçiliyinə verilib. 2002-ci ildən RETK Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin (2008-ci ildən Dövlət Komitəsi) nəzdində fəaliyyət göstərir. RETK- nın ötən əsrin 70- ci illərində bir sıra sənaye şəhərlərində filialları yaranmağa başlamışdır.O cümlədən Naxçıvan Muxtar Respublikasında, Gəncədə, Xankənkində, Sumqayıtda filiallar fəaliyyət göstərirdi.Məlum səbəblər üzündən (ölkənin müharibə şəraitində olması, maliyyə çətinliyi) Respublika Elmi- Texniki Kitabxanasının Stepanakert (Xankəndi), Əlibayramlı və Sumqayıt filialları bağlanmışdır. Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin Naxçıvan şəhərində filialı və həmin filialın tərkibində Naxçıvan Muxtar Respublikasının Elmi- Texniki Kitabxanasının yaradılmasını nəzərə alaraq Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin 16 yanvar 2004- cü il tarixli 006b saylı əmrinə uyğun olaraq Respublika Elmi- Texniki Kitabxanası müvafiq olaraq bütün fondu ilə birlikdə Naxçıvan şəhərindəki yeni yaradılmış Respublika Elmi- Texniki Kitabxanasına verildi. 1967-ci ildə yaradılmış Respublika Standartlar və Normativ- texniki sənədlər fondu, 1972- ci ildə əsası qoyulmuş Depozitar mühafizə fondu, 1968- ci ildə işlənib tətbiq edilən “Məlumatın seçilib paylanması” sistemi, 1972- ci ildən Vahid Respublika Məlumat- İnformasiya Fondu oxucuların tam ixtiyarına verilmişdi. 1972- ci ildən Respublika Elmi- Texniki Kitabxanası texniki ədəbiyyatın qorunub mühafizə edildiyi depozitariya hesab olunur. Depozitar- mühafizə və mübadilə fondlarına olan oxucu sifarişlərini müntəzəm yerinə yetirir. 1976- cı ildə RETK- də Elmi- tədqiqat işləri şöbəsi yaradılmışdır.Şöbənin əsas vəzifəsi avtomatlaşdırılmış kitabxana- biblioqrafiya proseslərinin tətbiqi sahəsində elmi- tədqiqat işi aparmaqdan ibarətdir. 1977- ci ildə RETK və respublikanın Elmi- Texniki kitabxanalar şəbəkəsi texnoloji proseslərinin idarə edilməsi üzrə kompleks regional avtomatlaşdırma sistemi işlənib hazırlandı. 11 yarımsistemdən ibarət “ Kitabxana- biblioqrafiya proseslərinin idarə edilməsi üzrə kompleks regional avtomatlaşdırması” sistemi respublikadakı elmi- texniki kitabxanalar şəbəkəsini tam əhatə edirdi. Azərbaycan ETETMİ ( Azərbaycan Elmi- Tədqiqat Elmi- Texniki Məlumat Mərkəzi) və Sverdlovsk Pedaqoji İnstitutunun Məlumat Mərkəzi ilə birgə işlənib hazırlanmış həmin sistem 6 texnoloji (fondun komplektləşdirilməsi; elmi kitabişləmə; fondun yerləşdirilməsi və qorunması; məlumat- biblioqrafiya xidməti;Kitabxanada xidmət; idarəetmə) , istehsalat ( əmək və əməkhaqqı; maddi- texniki təminat) altsistem, 53 tapşırıq və 1300 sualdan ibarət idi. Sistem RETK, onun filialları və respublikanın 14 Elmi- Texniki dayaq kitabxanasında bütün texnoloji proseslərinin avtomatlaşdırılması, kitabxanaşünaslıq və biblioqrafiya sahələri üzrə hərtərəfli elmi- tədqiqat işi aparmağa imkan verirdi. 1976- 1986 -ci illər ərzindəki fəaliyyəti dövründə elmi- tədqiqat işləri şöbəsi tərəfindən işlənərək tətbiq olunan “Kitabxana xidməti” kimi vacib sahəsi müəyyən səmərə vermişdir. Sonralar keçmiş MDB məkanında bir çox respublikalar təcrübə mübadiləsi əsasında həmin sistemi tətbiq etməyə başladılar. 1982- ci il kitabxanada Avtomatlaşdırılmış idarəetmə sistemlərinin tətbiqi və istismarı sistemi işlənib hazılandı.Bütün bunlar sənayenin inkişafı ilə əlaqədar olaraq elmi- texniki ədəbiyyata artan oxucu tələbatını ödəməyə xidmət edirdi. 1988- ci ildə RETK- nın fondu 17700000 çap nüsxəsi idi. Oxucuların sayı 19000 nəfər idi.Ədəbiyyat verilişi – 4116000 çap nüsxəsi təşkil edir. Kitabxanada 148 nəfər işçi çalışırdı. Bunlardan 54 nəfəri ali ixtisas təhsilli, 32 nəfəri isə orta ixtisas təhsill və 62 nəfər isə digər peşə sahibləridir. 1993- cü ildə Respublika Elmi- Texniki Kitabxanası yeni yaranmış Azərbaycan Respublikası Dövlət Elm və Texnika Komitəsi tabeçiliyinə keçirilmişdir Azərbaycan Respublikası prezidentinin 623 №- li 27 dekabr 2001- ci il fərmanı əsasında Azərbaycan Respublikası Dövlət Elm və Texnika Komitəsi ləğv edilmiş və həmin fərmana əsasən Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi yaradılmışdır. Respublika Elmi- Texniki Kitabxanası da həmin qurumun nəzdində fəaliyyətini davam etdirmişdir. Azərbaycan Respublikası Prezidentinin 19 noyabr 2008- ci il tarixli 53 № -li sərəncamına əsasən Azərb. Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi ləğv edilərək əvəzində Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi təşkil edildi. Respublika Elmi- Texniki kitabxanası da müvafiq olaraq həmin dövrdən etibarən Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərir. Respublika Elmi- Texniki Kitabxanası respublikanın böyük elmi- sahəvi kitabxanalarından biri olmaqla yanaşı ənənəvi kitab təbliği və kitabxana- biblioqrafiya xidmətlərindən əlavə müəllif şəhadətnamələri və patent ədəbiyyatı, normativ- texniki sənədlər, xarici ölkələrin jurnalları, dövrü və aralı davam edən nəşrləri, mətbuatda dərc etdirən, elmi- tədqiqat işi və metodik fəaliyyətlə məşğul olan böyük bir müəssisədir. Xalqımızın böyük oğlu, dünya şöhrətli siyasətçi, müstəqil Azərbaycan dövlətçiliyinin memarı, ümummilli liderimiz Heydər Əliyevin respublikamıza rəhbərliyi dövründə mədəniyyətimizin çox mühüm sahəsi olan kitabxana işi dövlət qayğısı ilə əhatə edilmiş, bu sahə həmişə böyük öndərin diqqət mərkəzində olmuşdur. Məhz buna görədir ki, həmin illər respublikamızda kitabxana işinin tarixinə inkişaf və tərəqqi dövri kimi daxil olmuşdur. Sevindirici haldır ki, Azərbaycan Respublikasının Prezidenti cənab Əliyev ulu öndərin layiqli davamçısı kimi kitabxanaçılığın inkişafı naminə onun həyata keçirdiyi böyük işləri bu gün də əzmlə davam etdirir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “ Azərbaycan Respublikasında kitabxana- informasiya sahəsinin 2008- 2013- cü illərdə inkişafı üzrə “Dövlət Proqramı “ nın təsdiq edilməsi barədə Sərəncamı ölkədə kitabxanaların fəaliyyətinin yaxşılaşdırılmasında, elmi- mədəni sərvətlərdən hərtərəfli istifadə imkanlarının genişləndirilməsində, cəmiyyətin informasiya təminatının artırılmasında, eləcə də Azərbaycan kitabxanalarının dünya informasiya məkanına daxil olmasında əhəmiyyətli dərəcədə böyük rol oynadı. Respublika Elmi- Texniki Kitabxanasının kollektivi də Dövlət Proqramından irəli gələn vəzifə və öhdəliklərin yerinə yetirilməsi üçün vaxtlı- vaxtında tədbirlər təşkil edilmiş, oxuculara yüksək səviyyədə xidmət, informasiya sahəsində operativ və ardıcıl məlumatın verilməsi və s. sahələrində bir çox işlər görülmüş, elmi- texniki ədəbiyyatın təbliği məqsədi ilə bir sıra sərgilər keçirilmişdir. Respublika Elmi – Texniki Kitabxanasında tarixi günlər münasibətilə müntəzəm olaraq sərgilər, tədbirlər keçirilir. Daim yeni kütləvi iş formaları tətbiq edilir. Bu tədbirlərdən “ Açıq havada sərgilər”, məşhur alimlərin, neft mütəxəssislərinin iştirakı ilə kitabxanada “ İmza günləri” keçirmək kollektiv tərəfindən təklif olunmuşdur.